Mədəni dünyanın illər ərzində yaratdığı ədalət sistemi mükəmməl deyil. Bu sistem ləng və çox vaxt da səhv işləyir. Xüsusilə ABŞ və Böyük Britaniyada müttəhimin hüquqlarının qorunması üçün xeyli səy göstərilir. Bunun əsasında “insan əksi sübuta yetirilməyincə günahsızdır” prinsipi dayanır.
Hərdən, günahı heç kimdə şübhə doğurmayan birisinin, ümumiyyətlə, məhkəməyə çıxarılmasını, təcrübəli vəkillərə onu müdafiə edərək sonda bəraət qazandırmağa çalışmalarına icazə verilməsini anlamaq çətin olur.
Bu səbəbdən də ədalətin bərqərar olunması üçün təqsirləndiriləni istintaq və məhkəməsiz cəzalandırmaq, hətta ölüm hökmü çıxarmaq kimi fikirlər istər-istəməz ağıllara gəlir. Kütlə tərəfindən bu cür ədalət məhkəmələrinin qurulması Birləşmiş Ştatlarda (əsasən, cənubda) hətta XX əsrdə belə geniş yayılmışdı.
Belə ədalət məhkəmələrinin əsasını qoyan isə Virciniya sakini Vilyam Linç sayılır. O, qonşularından ibarət qeyri-rəsmi “polis” yaradaraq qanundan qaçan “günahkarları” cəzalandırırdı (bir çoxları belə dəstələrin yaradılmasını Virciniyanın başqa bir sakini Çarlz Linçin adına çıxırlar).
Nəticədə məhkəmə qərarı olmadan edam edilən adama linçlənmiş deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)